5 Sevgi Dili

0
5497
5 Sevgi Dili

Sevgi Dili” nədir? Sevgi – qadınlarla kişilər, valideynlərlə uşaqlar, dostlar arasında sehrli bir duyğudur. Aralarında sevgi olan şəxslər, birlikdə bəzi şeyləri etməkdən və bölüşməkdən həzz alırlar. Müəyyən standart qəliblərinə sığmayan sevgi hissi motonluğu qəbul etmir, çünki onun artıb-azalma xassəsi vardır. Sevginin artıb-azaldığını insanların dialoquna diqqət yetirərək anlaya bilərsiniz. Məsələn, bir-birlərinə hirslənən insanlar səs tonlarını yüksəldirlər, səbəb isə budur ki, onların qəlbləri bir-birindən uzaqlaşır və insan beyni bunu şüursuz da olsa başa düşür. Onlar ucadan danışmaqla sanki arada böyüyən məsafəni "kompensasiya” edirlər və bir-birlərinə səslərini yetişdirməyə çalışırlar. Qəlblər yaxınlaşdıqda isə əksinə, daha yavaş danışırlar. Ürəklər lap yaxınlaşdıqda, danışıqlar pıçıltıya çevrilir. Ürəklər arasında tam bağlılıq olduqda isə, səsə belə ehtiyac olmur, lakin onlar hələ də ünsiyyətdədirlər. Bəlkə də ünsiyyətin ən yüksək səviyyəsindədirlər, amma bu dəfə duyğuların dili ilə...

Fərqliliklər
 
Qadınlarla kişilər qətiyyən eyni deyillər. Fərqliliyin vacibliyini dərk etmədən, onlar yola gedə bilməzlər. Əks cinsə qəzəblənməyimizin səbəbi, bu vacib məqamı unutmağımızdan qaynaqlanır. Onun da bizə bənzəməsinə ümid edərik. Onların da "bizim istədiklərimizi istəməsini” ya da "bizim hiss etdiyimiz kimi hiss etmələrini” arzulayarıq. Lakin bu eynilik düşüncəsi qarşılıqlı anlaşmanı əngəlləyir. 

Sevginin 5 dili var!
Sevgi içində yaşamaq və bu sevgi münasibətlərinin davam etməsi üçün insanların sevgi dillərinin fərqində olması olduqca vacibdir. Gary Chapman-a görə sevginin 5 dili var:
 
1. Xidmət
2. Dəstəkləyici sözlər
3. Birlikdə olmaq
4. Toxunma təması
5. Hədiyyə vermək
 
 
İnsanların sevgi dilləri bir – birindən fərqlənir və bu fərqlilik ailə həyatında, münasibətlərdə daha dəqiq müşahidə olunur. Sevgini hiss etmə şəklimizlə sevgini ifadə etmə şəklimiz eyni olmaya da bilər. Məs: ünsiyyətdə olduğumuz insanlara köməklik göstərmək, onların yüklərini yüngülləşdirmək üçün ortaq həyata keçirilən işlərin cəminə "xidmət” deyilir.
 
Evinə gələn qonağa, hörməti, xidməti ilə verdiyi dəyəri və sevgini göstərmək üçün xüsusi cəhd edən insan, başqasının da eynilə bu cür xidmətlər göstərməsindən xoşu gəlməyə bilər. Yəni burada sevgini göstərmə və hiss etmə şəkli fərqlidir. Qısaca, bəziləri, insanlara xidmət göstərməkdən zövq alsalar da, bu, onların birinci dərəcəli sevgi dilinin "xidmət” olduğunu göstərməz. Çünki sevgi dili sıralamamızı qarşı tərəfdən gözlədiklərimiz müəyyənləşdirir.
Evli bir cütlük təsəvvür edin. Birinci dərəcəli sevgi dili "dəstəkləyici sözlər” olan birisi, bunu həyat yoldaşına və ya birgə yaşadığı insanlara sevgi ehtiyacını ən yaxşı bu yolla təmin edəcəyini açıq şəkildə deməlidir. Bu insanlar "sevgi anbarlarını” sözlərlə doldurur, qərar alma anında insanlardan dəstək gözləyərlər. Maraq dairələrinə uyğun yönləndirilmək istərlər. Hamı gözəl sözlər eşitmək istəyər, lakin sevgi dili "dəstəkləyici sözlər” olan birini bir-iki söz qane etməz, onlar daha çoxunu istəyərlər.
 
Sevgi dili "birlikdə olmaq” olanlar üçün ən mühüm şey, zövqverici, keyfiyyətli zaman keçirməkdir. Onlar, verilən dəyəri və sevgini birlikdə keçirilən vaxtla qiymətləndirirlər. Birinci dərəcəli sevgi dili "birlikdə olmaq” olan bir qadın, gününü necə keçirdiyini həyat yoldaşına danışarkən, əri hərdən televizora və ya telefona baxsa, qadın yoldaşının ona dəyər vermədiyini düşünər.
 
"Toxunma təması” bəziləri üçün çox əhəmiyyətli olsa da, digərləri üçün sevgi göstəricisi deyildir. Məsələn, uzun müddət görüşməyən iki dost, təsadüfən qarşılaşırlar. "A” dostunu qucaqlayır, öpür, təkrar sarılır... "B” isə bu görüşməni qısa kəsir: "Uzun müddətdir görüşmürük. Gəl bir yerdə oturaq, yemək yeyək, söhbət edək”, deyir. "A” qəbul edir, ona toxunur, qucaqlayır, sevincini ifadə edir. Bir kafedə oturub xoş bir zaman keçirirlər. Ancaq "B” eyni reaksiyanı göstərmir. Burada "A” dostunun ona sevgisinin azaldığını düşünə bilər,halbuki  "B” hər şeydən razıdır. Çünki, "A” – nın sevgi dili "toxunma təması”, "B” – nin sevgi dili isə "birlikdə olmaq”dır.
 
Hədiyyə almaq sevginin konkret yox, vizual simvoludur. Hər kəs hədiyyə qəbul etməyi sevir. Ancaq bəzilərini hədiyyə almaq xoşbəxt etsə də, bəziləri buna o qədər də böyük əhəmiyyət verməzlər. Birinci dərəcəli sevgi dili hədiyyə almaq olan insanlar, onlara verilən hədiyyələri ehtiyatla saxlayıb, qoruyarlar. Bu insanların hətta qırışmış hədiyyə paketlərini belə atmağa ürəkləri gəlməz. Onlara hədiyyə verənləri unutmazlar, kim nə zaman nə gətiribsə, yaddaşlarına həkk olunmuşdur.
 
Bir-birinizin sevgi dilini anlamağa çalışın! Qoy bütün dillər sevgini ifadə etməyə çalışarkən nifrətə çevrilməsin, sevgilər yarıda qalmasn, qəlblər qırılmasın! Beyninizdəki qəlibləşmiş düşüncələri çıxarın və sevginizi ifadə etməyin yolunu tapın! Xoşbəxtliyi hiss edin, sevin, amma öz istədiyiniz kimi deyil, qarşınızdakı insanın gözlədiyi kimi sevin!
 
"Xeyr, məni sevən belə sevsin”,deyirsinizsə yanlış yoldasınız. O yol tənhalığın, sevgisizliyin yoludur. "Bəli”, deyənlər isə xoşbəxt və rahatdır, evlərindən gülüşlərin səsi gəlir. Səmimi dostluqlar, sevgi dolu ürəklər...
 
Sevgini sevgi dilləri ilə kəşf edin!
 
Babək Bayramov
NLP Master Trainer -Fərdi İnkişaf Ustadı
 

ŞƏRH YAZIN