Məcburiyyətə Təslim Olmayaq, Məcburiyyətin Gücündən Faydalanaq

0
6968
Məcburiyyətə Təslim Olmayaq, Məcburiyyətin Gücündən Faydalanaq

İnsanlar məcbur qalmadıqca, məcbur olmadıqca çətinlikdən xilas olmazlar. Məcburiyyətlər insanı hərəkət etməyə vadar edər çünki, insanların əksəriyyəti məcbur qalmadıqca hərəkət etməzlər.
 
Məcburiyyət, insanı çarəsiz vəziyyətə saldığı kimi, yenilik etməyə, dəyişməyə, yeni yollar axtarmağa, yeni imkanlar kəşf etməyə sövq edər və eyni zamanda zirvəyə doğru addımlamaq üçün lazım olan gücü, qüvvəni də insan üçün təmin edər. Buna görə də, əlacsız qaldığında, çarəsiz bir vəziyyətlə üzləşdiyində  bil ki, çarə sənsən, əsla təslim olma..
 
Əksəriyyətimiz bu və ya digər bir məsələ haqqında “buna məcburdum”, “buna məcburam” deyərək çarəsiz bir şəkildə yaşamağa davam edər. Çarəsizliyi qəbul edərək məcburiyyətlərlə dolu bir ömür sürər.
 
Hamımız çarəsiz, əlacsız və çıxılmaz hallarla üzləşirik və bu, həyatın qanunudur. Necə ki, təbiət dəyişir, fəsillər bir-birini əvəz edir, bəzən hava tutulub göy guruldasa da, külək şiddətlənib yağış yağsa da, sonda hava açılır, günəş çıxır, göy üzü aydınlıq olur. Həyatımız da belədir. Günlərimiz eyni keçməz Sevinirik, kədərlənirik, küsürük, barışırıq, ayrılırıq, qovuşuruq, itiririk, qazanırıq.
Bəli, müəyyən hallarda məcbur olmaq, məcbur qalmaq qaçınılmazdır və bəzən məcburiyyətlərə dözməliyik də...Amma əsla və əsla məcburiyyəti qəbul edib onunla barışmamalıyıq.
 
Məcburiyyəti qəbul etdikcə, məcbur qalar, məcbur olarsan...Unutma, bu həyat sənin həyatındır və bu həyatı məcbur yaşamaq olmaz. Məcburiyyətin gücündən faydalanaraq gücümüzə güc qatmalıyıq. Hər çətinliklə bərabər bir asanlıq vardır. Məcbur qaldığında gücün səndə olduğunu unutma. Çünkü, hər şey səninlə başlar və səninlə bitər.
Özünü məcbur hiss edən sənsən. Əgər özün qəbul etməsən heç kim səni məcbur edə bilməz.
Heç nəyə məcbur deyilsən. Hər şey sənə məcburdur.
 
Rəşadət Hidayətov

ŞƏRH YAZIN