Şəxsi Inkişaf Kitabları Faydalıdır Yoxsa Zərərli?

0
3248
Şəxsi Inkişaf Kitabları Faydalıdır Yoxsa Zərərli?

Şəxsi inkişaf kitablarının faydalı, yoxsa zərərli olduğu sualına bir ümumiləşdirmə apararaq cavab vermək mümkün deyildir.

Təbii olaraq bu kitabların faydalı olanları olduğu qədər, zərərli olanları da var. Tibbdə müalicə keçirərkən çox tez-tez istifadə edilən bir üsulu şəxsi inkişaf kitabları üçün tətbiq edəcək olsaq, faydalarının zərərlərindən qat-qat daha çox olduğunu və yan təsirlərinin bu kitablara tamamilə qarşı çıxmağı tələb edəcək səviyyədə olmadığını rahatlıqla deyə bilərik. Hələ aqil əllərdə hazırlanmış, insanın öz ehtiyacına və o insanın içində yaşadığı mədəniyyətə uyğun bir kitab söz mövzusu isə zərərli təsir göstərmə ehtimalı yox deyiləcək qədər az olur.
 
Mövzunu ələ alarkən ilk növbədə şəxsi inkişaf kitablarına qarşı marağın bir çox insani ehtiyacdan irəli gəldiyini vurğulamaq lazımdır. Bu maraq baş döndürücü bir sürətlə dəyişən dünya, dəyişən cəmiyyət və dəyişən insan münasibətlərinə ayaq uydurma istəyinin əks olunmasıdır.
 
Bir çox adam şəxsi inkişaf kitablarına "xoşbəxt olmaq", "uğurlu olmaq", "insan münasibətlərində daha uğurlu olmaq", "özünü tanımaq", "başqasını anlamaq" və "münasibətləri yönləndirmək" kimi istəklərlə yönəlir. Şəxsi inkişaf kitablarının əvəzinə bu ehtiyacları ödəyəcək başqa bir şey qoyulmursa, əlindəkini daha müsbət hala gətirməyin yollarını tapmaqdan başqa çarə görünmür.
 
Şəxsi inkişaf kitablarının nə vaxt faydalı, ya da zərərli ola biləcəyini anlamağa çalışarkən gündəlik həyatda hər kəsin zaman-zaman yaşadığı depressiyanı bir nümunə olaraq ələ ala bilərik. Depressiyanın nə olduğu, nə olmadığı və hansı hallarda müalicə tələb edəcəyi mövzularında məlumat almaq istəyən şəxsə bu kitablar çox yol göstərici ola bilər.
 
Amma insanları depressiya yaşamağa meylli edən şəxsiyyət xüsusiyyətlərinin daha müsbət bir şəxsiyyət quruluşuna çevrilməsi və tibbi müalicə tələb edən depressiya şəxsi inkişaf kitablarının tövsiyələri ilə dəf edilməsi məqsədi güdürsə, bu, reallaşması mümkün olmayan bir xəyaldır. Ancaq bu ifadələr bu hallarda şəxsi inkişaf kitablarının heç bir faydası olmayacağı anlamına gəlmir. Ruh sağlamlığı və xəstəlikləri mütəxəssisi tərəfindən aparılan, müalicəsinə əlavə olaraq oxunan şəxsi inkişaf kitabları adama (xüsusilə oxuduqlarını və anladıqlarını həkimi ilə paylaşsa) çox şey öyrədə bilər. Şəxsi inkişaf kitablarının mümkün ən mühüm təhlükələri arasında ruhi xəstəliyi olan insanın bu kitablarla ləngiməsi və kitablardakı yanlış məlumat və təkliflər səbəbilə müalicəsini yarıda buraxması vardır.
 
Başqa bir nümunə olaraq da əsəb ələ alına bilər. İnsanın şəxsiyyət xüsusiyyətlərini nəzərə almayan tək istiqamətli bir yanaşma ilə qəzəbinin ifadə edilməsi məsələsini müzakirə edən bir kitab bəzi insanlar üçün faydalı sayıla bilər, bəzi insanlar üçün isə faydadan çox zərər gətirə bilər. Vicdan duyğusu hədsiz inkişaf etmiş, özünü asanlıqla günahlandırmağa və günah hissi yaşamağa meylli bir adama deyəcək və vicdanı kifayət qədər inkişaf etməmiş bir adama deyəcəklər arasında dağlar qədər fərq vardır.
 
Vicdanı həddindən artıq inkişaf etmiş insanlar qəzəbini ifadə etməsi üçün cəsarətləndirilərkən, vicdanı kifayət qədər inkişaf etməmiş şəxslər isə başqalarına zərər vermə ehtimalları arta biləcəyi üçün bu istiqamətdə təşviq edilməz (bəzən əksinə, qəzəbə nəzarət etməyin yolları göstərilməyə çalışılır). Bu səbəblə məsələni çox müxtəlif yönlərdən ələ almayan şəxsi inkişaf kitablarının bəzi insanlara zərər vermə ehtimalı vardır.
 
Şəxsi inkişaf kitablarının faydalı olması üçün insanın nə axtardığını, öz məhdudiyyətlərini, zəif və güclü tərəflərini yaxşı-pis bilməsi lazımdır. Amma özünü kifayət qədər tanımayan və ya tanıma bacarığı qazanmaq potensialı olmayan bir adamın şəxsi inkişaf kitablarından istifadə etməsi mümkün deyil.
 
Şəxsi inkişaf kitablarına bu gündən sabaha asanlıqla dəyişikliyin əldə ediləcəyi mənbələr gözü ilə deyil, insanın özünü tanımasına, davranışlarına məna verməsinə, davranışlarının xarici və daxili dinamikalarını qavramasına, başqalarını dərk etməsinə və əlaqələrinin dinamikalarını dərk etməsinə yardımçı olan mənbələr gözü ilə baxılsa fayda əldə etmək mümkündür.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN