Çöhrənizdən Gülüş Əskik Olmasın

0
4157
Çöhrənizdən Gülüş Əskik Olmasın

Gündəlik əhvalımızda motivasiya ən vacib faktorlardan biridir. Ancaq çox zaman bunu unuduruq.

Həyatda sağlam insan yoxdur, hərənin bir dərdi var deyirlər. Amma bu düşüncə də yanlışdır.Əgər insan özünün sağlam olduğuna inanmırsa, deməli, xəstəlik hər zaman onun yaxasından yapışa bilər.
 
Səhər yerindən duran zaman güzgünün qabağına keçirsən və görürsən ki, üzündən yorğunluq, əzginlik ,hər bir şəkildə əzab-əziyyət oxunur . Düşünürsən ki, evdə olan hər kəs səni hər səhər bu tərzdə görürlər və sən bu vəziyyəti dəyişmək üçün heç bir şey etmək istəmirsən.Lakin insan öz əhval-ruhiyyəsini düzətməklə  bir yerdə, ailə üzvlərinin də əhvalını yaxşılaşdırmağı bacarmalıdır.
 
Özünü inandıra bilmək, həmişə gülərüz olmaq sağlamlıq, eləcə də ətrafdakıların ovqatını yaxşılaşdırmaq üçün çox vacibdir. Bu cür insanlar cəmiyyətdə ümid müjdəsi kimi dolaşırlar. Hələ ailədə sizin körpəniz xəstələnibsə, əmin olun ki, üzünüzdəki təbəssümə, ümid dolu sözlərinizə onun çox böyük ehtiyacı var.
 
Özünü inandıra bilənlər başqalarını da inandırmağı bacarırlar. Ona görə də, ailə başçısı buna inanmalı və inandırmalıdır ki, hər şey qaydasındadır, ailənin xoşbəxtliyi üçün hər hansı ciddi maneə yoxdur. Bütün bunların ən gözəl ifadəsi isə, heç şübhəsiz, təbəssümdür. 
 
Deyirlər ki, insanın üzü onun daxili aləmini əks etdirir. Ancaq ona da əmin olun ki, insan öz çöhrəsini həmişə təbəssümlə bəzəsə, bu, onun daxilinə də əks edər, hisslərinə də, düşüncələrinə də.
 
Uca Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, təbəssüm də sədəqədir. Əgər sən, öz əhvalın o qədər də yaxşı olmasa belə, qarşı tərəfin könlünü almaq, üzünü güldürmək, ona dəyər verdiyini ifadə etmək üçün təbəssüm edirsənsə, əmin ol ki, sənin bu niyyətin boşa getməz. Çünki sən Allahın bir qulunu sevindirsən, Allah da səni sevindirər.
 
Çöhrənizdən təbəssüm heç bir zaman əskik olmasın. Əmin olun ki, sizin bu əhvalınız evdə hər kəsin əhval-ruhiyyəsinə təsir edəcək, hər kəsin üzünü güldürəcək.Uşaqlarınıza sevinməyi, gülməyi, təbəssümlə yaşamağı öyrədin. Bu da tərbiyənin bir yoludur...
 
 

ŞƏRH YAZIN