Bəzən ətrafdakı insanların necə bu qədər xoşbəxt ola bildikləri bizə çox maraqlı gəlir. Çünki, özümüz bu hissi təəssüf ki, mövcud problemlərdən dolayı elə də doya – doya yaşaya bilmirik. Amma, ətrafda hər kəs xoşbəxtdir, hamı deyir – gülür, heç nədən şikayətlənmir, pozitiv və mehribandırlar. Biz isə problemlərin içində boğula – boğula mehribanlıq və pozitivliyin nə olduğunu belə unutmuşuq. Hər kəs ətrafa gülüşlərini bəxş edərkən, bu qədər eynilik içində onlara uyğunlaşa bilməmək əziyyət vericidir. Bir çox hallarda başqalarının möhtəşəm və problemlərdən uzaq həyatı insanları depressiyaya salır. Kimiləri varlı görünür, kimiləri azad, kimisinin isə üzündən təbəssüm əksik olmur. Məhz bu maskalanmış yalanlar insanlarda cavabsız suallar doğurur. Hər kəs xoşbəxtdir, bəs məndə niyə alınmır?
Gülən bir insana baxarkən xoşbəxt olduğunu, yaxud qaçan birinə baxarkən qorxaq olduğu mənasına varırıq. Yəni, əslində davranışlarımız həmin an nə hiss etdiyimizə bağlıdır. Belə ki, hər gülən “xoşbəxtdir” deyə bilmərik. Əslində gülmək insanın hiss etdiyi şeyə verdiyi reaksiyadır. Çünki, hər kəsin baş verənlərə olan reaksiyası fərqlidir. Kimi insan əsəbdən gülər, kimi qorxudan, kimi stressdən, kimisi çılğınlıqdan, kimisi də xoşbəxtlikdən. Yaşantılar fərqli olsa da, verilən reaksiya eynidir – “gülüş”. Amma biz hadisənin çox – çox kənarında olub, baş verənlərə izləyici kreslosundan baxdığımız üçün digərlərinin hər gülüşünü xoşbəxtliyin əlaməti kimi qəbul edirik.
Araşdırmalar göstərir ki, hədsiz çox gülən insan psixikasının altında yatan səbəb onu içdən – içə həqiqətən də çox incidir. Bu məlumat, həyata olan baxış tərzlərinə diqqət çəkir. Insanlar həmişə problemlərini gizlətməyə və maksimum yaxşı, sevincli, xoşbəxt görünməyə meyillidirlər. Çünki, bu cür görünüş onlarda xoş təsir yaradır və bir çox hallarda başqalarının arzuladığı həyatı yaşayırmış kimi üstüklük qazanırlar.
Belə ki, içimizdə hər nə qədər fırtınalar qopsa da bunu sərgiləməyə həvəsli deyilik. Bu hal, hiss etdiklərinin ziddini əks etdirmə kimi anlaşılır.
Bir də real olana baxaq: Düşünün, bu həyatda hər kəsin dörd dördlük xoşbəxt olması mümkündürmü? Əlbəttə ki, yox. Hər kəsin problemi var. Heç bir şey “göründüyü kimi deyildir” əslində... Bəlkə, sağlamlıq, bəlkə ailə, bəlkə sevgi... Lakin, çoxları real olanı deyil, olmaq istədiyini ifadə edir. Belə başa düşdük ki, üzdə olan hər gülüş sevincin nəticəsi deyil... Bəzən başqa səbəblər belə bizi acınacaqlı şəkildə “gülməyə” məcbur edir...
Hazırladı: Məmmədkərimova Sevinc