Fəxriyyə Xələfova:Uğur Düsturumun Şərtləri Var

0
6325
Fəxriyyə Xələfova:Uğur Düsturumun Şərtləri Var

Tanınmış azərbaycanlı modelyer Fəxriyyə Xələfova Bakıda anadan olmuşdur. O, uşaqlıqdan dəb, incəsənət və yeniliklə bağlı eskizlərlə maraqlanırdı. Təhsil axtarışı ilə bağlı səyahət illəri - Azərbaycan Dövlət Universiteti, Türkiyənin bədii dizayn üzrə Xüsusi Ali Məktəbi, Azərbaycan Elmlər Akademiyası - istedadlı qıza tendensiyaları asanlıqla “oxumağı”, detal və proporsiyalara ətraflı yanaşmağı, parça və furniturların seçimində diqqətli olmağı öyrətdi. “Sirr” adlı ilk kolleksiyası sübut etdi ki, dəb üfüqündə yeni bir ulduz parladı. Özündə Şərq və Qərb mükəmməlliyini birləşdirərək orijinal və bənzərsiz olan yalnız modellər deyildi, həm də daha çox ənənəvi nümayişlərlə yanaşı, teatr tamaşasına bənzəyən dəfilənin özü idi. Milli folklor ideyaları ilə cəzb edən, urbanizm və kosmopolitizmin estetikasından ilhamlanan Fəxriyyə öz orijinal bəzəklərini, çalar və fakturalarını kontrast əsasında deyil, in-yan prinsipi ilə birləşdirərək təqdim edir. Fəxriyyə Xələfovanın modelləri  ahəngdar seçilmiş rəng və aksesuarları ilə bölünməyən, bütöv görünür. Yaradılmış obrazın tamamlanması üçün çatışmayan bir şey var idi - ətir. İlk ətiri üzərində işləyərkən Fəxriyyə Xələfova ətir sənətinin yaradılmasına həsr olunan bir çox foliantlar oxudu, ətir kompozisiyasının hazırlanması üzrə ixtisaslaşmış bir çox mərkəzlərdə oldu. Hazırlamalar laboratoriya tədqiqat mərhələsinə gəldikdə isə Fransa rivyeri, ətir dünyasının paytaxtı Grasa göndərildi. “Nuray” kolleksiyası belə yarandı - çiçəkli-şərqmeylli qığılcım saçan ətirli trio. Dəbə innovasiyalı yanaşma, bilik və intuisiyanın təkidi, rahatlıqla möhtəşəmliyin ahəngdar uyğunluğu “Fakhriya Khalafova” brendinin Azərbaycanın hüdudlarından kənarda da tanınmasına şərait yaratdı.

 
Beləliklə, tanınmış azərbaycanlı rəssam-modelyer, cazibədar və incəzövqlü xanım, əməkdar incəsənət xadimi, Azərbaycanda yeganə parfümer,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin tətbiqi incəsənət kafedrasının dosenti, "Fakhriya Khalafova" Moda Evinin təsisçisi və gözəl ana Fəxriyyə Xələfovanın müsahibəsi “Zəriflik” jurnalının oxucularına təqdim olunur.
 
- İnsanlara gözəlliklər bəxş edən Fəxriyyə xanım, çox maraqlıdır, gözəllik haqqında nə düşünür? 
 
- “Gözəllik dünyanı xilas edəcək”… Dostoyevskinin bu fikrini illər böyüdür ki, araşdırmağa çalışıram. Deyirəm ki, görəsən bu fikrin arxasında hansı sirlər, hansı gözəllik meyarları dayanır?..
 
- Bir nəticəyə gəldinizmi?
 
- Bəli, bu o gözəllikdir ki, onu insanın istedadı yaradıb. Dostoyevski deyirdi ki, insanı gözəllik o zaman xilas edəcək ki, dünyadakı müharibələrə, faciələrə “yox” deyəcək. Bir sənət əsəri yaranınca illər sərf olunur. Götürək dünyanın yeddi möcüzəsini, arxeoloji tapıntıları, nadir rəsm əsərlərini… Leonardo da Vinçinin “Mono Liza” əsərinin hələ də sirri açılmayıb. Bir an düşünün ki, kimsə gəlib o əsəri məhv edir, bu, vəhşilik olardı. Mən hesab edirəm ki, gözəlliyin qorunması, bəşəriyyətin, təbiətin qorunması deməkdir.
 
- İki il öncə Türkiyənin “Sevgi” ödülü ilə təltif olundunuz…
 
- Bəli, “Sevgi” ödülü Türkiyə Cümhuriyyətləri Birliyi adından təqdim olunan beynəlxalq mükafatdır. Bu hadisə məni ən çox sevindirən hadisələrdəndir. Çünki mən moda təhsilimi Türkiyədə almışam. İllər keçəndən sonra həmin ölkənin belə bir ödülünü almaq qürurvericidir. 
 
- Sevgi ödülünə layiq görülən sevgidolu Fəxriyyə xanım üçün sevgi nədir?
 
- Mən fəlsəfə elmləri doktoru, professoram. Bəlkə də oxucuların çoxu bunu bilmir. Mən sevgi mövzusuna elmi nəzəriyyədən çıxış edərək aydınlıq gətirməyə çalışıram. Sevgi çox dərin, emosional hissdir. Allah-təala bu hissi yalnız insanlara bəxş edib. Heyvanat, bitkilər və ümumilikdə təbiət aləmində bəlkə də sevgi müşahidə olunur, amma ibtidai şəkildə. Ancaq ali formada sevgi yalnız insana xas olan və Tanrı tərəfindən bəxş edilən bir hədiyyədir. İnsanlar sevgi hissinə qovuşanda onların həyatı sanki bir bahara çevrilir. Mən hər kəsə arzulayardım ki, ürəyində sevgi hissi olsun. Sevginin çalarları çoxdur. Birinci sevgi Allaha olan sevgidir. İnanılmaz bir hissdir bu. İkincisi, valideynlərə olan sevgidir. Vətən sevgisi - bax bu, əsil sevgidir. Uşaqlara, gözəlliyə, kişinin qadına olan sevgisi var. Gözəlliyə olan sevgi olmasaydı, Ermitaj, Luvr kimi muzeylər olmazdı, sənət əsərləri yaranmazdı, istedadlar üzə çıxmazdı. Biz bilirik ki, Tac Mahal, Misir ehramları abidəsi sevgidən yaranıb...
 
- Maraqlıdır, şeiriyyətə münasibətiniz necədir? Sevdiyiniz şair kimdir?
 
- Nəsimi. Nəsimi Azərbaycan şairidir və onun yaradıcılığı 12-ci əsrə gedib çıxır. Amma onun şeirlərində tərənnüm edilən ruha bir baxın:
“Məndə sığar iki cahan,
mən bu cahana sığmazam!” - bunu bir azərbaycanlı söyləyib. Və ya
“Səni bu hüsnü camalı ilə görüb,
qorxdular həqq deməyə,
dönüb insan dedilər”! - 
bu da bir azərbaycanlının məhsuludur. Görün keçmişimizdən bizə necə dəyərlər gəlib çatıb. Biz də bu irsi daim qorumağa borcluyuq.
 
- Çox duyğulu xanımsınız, özünüz şeir yazırsınızmı?
 
- Şeir yox, amma psixologiyaya dair kitab yazmağı düşünürəm. Mən psixologiya üzrə aspiranturanı bitirmişəm. İllər boyu topladığım təcrübəni kitab halında təqdim edəcəyəm. Çünki bu sahədə yetərincə bilik və təcrübəm var.
 
- Hansı fəsil ruhunuza daha yaxındır?
 
- Hər fəslin öz gözəlliyi var. Novruzu, baharı çox sevirəm. Hər il Novruzu səbirsizliklə gözləyirəm. Bu genetik bir hissdir, hansı ki, bütün azərbaycanlılara məxsusdur.
 
- Novruz rituallarından hansını daha çox sevirsiniz?
 
- Novruzun güclü energetikası var. Hətta sovetlər dönəmində biz Novruz adət-ənənələrini qoruyub saxlaya bildik, ritualları həyata keçirdik. Bu rituallarda dərin məna var. Hər il Novruzu yaşamaq çox gözəldir. Mən hər kəsə bunu arzu edirəm və ən böyük arzum da Novruzu Qarabağda qeyd etməkdir. Həmişə fikirləşirəm ki, ay Allah, Qarabağda milli bayramımızı qeyd edəndə nə qədər həyəcan hissi keçirəcəyik. Sevincimizdən ürəyimizin döyüntülərini eşidəcəyik. Mən buna inanıram. Sizə bir şey deyim, “Eurovision” müsabiqəsi keçirilən zaman mən orda münsiflər heyətində idim. Həmin gecə evdə öz-özümə dedim ki, qələbəni hər an gözləməliyik. Oturub gözlədim də. Biz buna nail olduq. Demək istəyirəm ki, qələbəni gözləmək, daxildən arzulamaq gözəl hissdir. Yaxın zamanda Qarabağda Novruzu qeyd edəcəyimiz günü də gözləyirəm.
 
- Uğur düsturunuzu bəlkə oxucularımıza da açıqlayasınız…
 
- Uğur düsturumun şərtləri var - vaxtdan səmərəli istifadə etmək. Peyğəmbərimiz də buyurub ki, “vaxtınızın və can sağlığınızın qayğısına qalın”. Bir işin qulpundan yapışırsansa, mütləq nəzəriyyəni bilməlisən, əks halda, uğura nail ola bilməzsən. Həmişə işi peşəkarlara etibar etmək, insanlarla xoş münasibət yaratmağı bacarmaq lazımdır. Səmimi olmaq mütləqdir. Sağlamlıq lazımdır, çünki insan enerjili olmalıdır. Enerjimi heç vaxt boşuna xərcləmirəm. Telefon danışıqları, seriallar - bunlar mənim üçün yasaqdır. İnanın ki, mənim yanımda kimsə dedi-qodu edəndə başqa otağa keçirəm. Deyirəm ki, bu dedi-qodunu dinləməkdənsə, bir kitab oxuyum. Həyat enerjimi müsbət işlərə sərf edirəm. Uşaqları çox sevirəm və onlarla vaxt keçirməyi sevirəm.
 
Məni illərcə tanıyan insanlar gözəl bilir ki, mən klassikaya sadiq biriyəm. Obrazımda, makiyajımda, saç düzümümdə köklü dəyişikliklər etməmişəm. Necə varamsa, özümü elə də təqdim edirəm. Heç vaxt heç nəyi dəyişmək arzusunda olmamışam. Hər zaman deyirəm ki, Tanrı mənə bu qədər gözəlliklər bəxş edibsə, nəyi dəyişdirməliyəm ki? Sadəcə, özümdə inkişafa meyil var. Bakı Dövlət Universitetini, Ali Moda Məktəbini, müxtəlif menecment kurslarını bitirmişəm. Fəlsəfə elmləri doktoruyam, psixologiyanı gözəl bilirəm, Mədəniyyət və İncəsənət Universitetinin müəllimiyəm, amma hələ də oxumağa davam edirəm. Hər gün mütaliə etməsəm, həmin günümü mənasız hesab edirəm.
 
- Ətir qadının sirridir. Razılaşırsınızmı bu fikirlə?
 
- Gözəl ətir ruhu sağlamlaşdırır. Gözəl ətirdirsə, ətrafa gözəllik bəxş edir. Son yeddi ilimi ətirlərin içərisində keçirdiyim üçün düşünürəm ki, sağlam insanam. Bütün günü ətirləri testdən keçirmək çox maraqlı prosesdir.
 
 - Maraqlı olduğu qədər yəqin ki, həm də çətindir, deyilmi?
 
- Bəli, allergiya problemləri başlayır, zaman keçdikcə, vəziyyət düzəlir. Son zəlzələ olanda ətirlərimlə məşğul idim. Zəlzələ başlayan anda həyəcan keçirdim. Özümdən çox ətirlərimin xilası barədə düşündüm. Həyəcanlandım ki, bu şüşələr indi dağılacaq, sonra necə olacaq. Allaha dua etdim ki, bu baş verməsin, son həddə gətirib çıxardığım ətir formulaları dağılmasın. Çünki üzərində aylarla işləmişdim.
 
 - Özünüzün sevimli ətriniz hansıdır?
- Öz yaratdığım ətirlər. Mən bu ətirləri Azərbaycan xanımının emosional ovqatına uyğun yaradıram. Elə ətirlər var ki, xanım özü xoşlasa da, ətrafda maraq doğurmur. Mən emosional ətir istehsal edirəm, qiymətlərini də münasib etmişəm. Qazanc məqsədi güdmürəm. Nə vaxtsa ola bilər qeyri-adi bir ətir istehsal edib baha qiymətə sataram. Çünki biznes hər kəsə lazımdır.
 
 - İstifadə etmədiyiniz, artıq qalan geyimlərinizin aqibəti necə olur? Elə adamlar var ki, özəl əşyalarına, geyimlərinə çox sadiqdir, onları heç kimə vermək istəmir.
 
- Hədiyyə edirəm, təzə ayaqqabı və paltarları xeyriyyə məqsədi ilə bağışlayıram. Ona görə yox ki, mənə lazım deyillər, yox. Sadəcə ürəyimdən keçir və bağışlayıram. Fikirləşirəm ki, gənc qızların bu geyimlərə ehtiyacı olar. Çəkinə-çəkinə deyirəm bu sözləri, çünki sağ əlin verdiyini sol əl bilməməlidir.
 
- Geyimdə hansı elementi daha çox sevirsiniz?
 
- Öz geyimlərimi sevirəm. Mən o geyimlərdən zövq alıram. Modelyerin uğuru nədədir? Xanımdırsa yaratdığı paltarı geyinəndə zövq almalıdır. Məsələn, modelyer var kolleksiya yaradır, amma geyimlərinə qarşı çox konservativdir. Amma mən kolleksiyanın ən gözəl geyimini özüm geyinirəm. Uşaqlıqdan məndə belədir. Öz paltarlarımı, ətirlərimi dəlicəsinə sevirəm.
 
- Bahar-yay aylarında dəbdə olacaq kolleksiya və rənglər barədə oxucularımıza hansı məlumat və məsləhətləri verə bilərsiniz? 
 
- Yaz-yay dəbinin əsas tendensiyası romantik üslublar, avanqard ideyalardır. Bu ilin bahar-yay mövsümü üçün çox gözəl rəng palitrası təqdim olunur. Onların arasında təbii ki, açıq-çəhrayı, qızılgül rəngləri çox aktual olacaq. Zümrüd rəngləri, dəniz dalğası, ümumiyyətlə, bu cür əlvan rənglər müşahidə olunacaq. Stillərə gəldikdə isə, geyimlər daha sərbəst biçimli, daha azad ruhlu və avanqard olacaq. Amma təbii ki, klassikaya da müraciət olunacaq. Klassik cizgilər hər zaman sevilən geyim istiqamətidir. Amma yeni mövsümdə bu cür düz xətlər o qədər də ciddi olmayacaq. Sadaladığım bu stillər təkcə gənclər üçün deyil, hər yaşa aid olduğu üçün geyimlərdə dəyişikliklər müşahidə olunacaq. Geyimdə bir neçə parçanın sintezi, kontras rənglər üzərində qurulan kombinasiyalı rənglər də dəbdə olacaq. Çox incə şifon parçalar ilə daha sərt dərinin kombinasiyası müşahidə olunacaq. Dizaynerlər çalışıblar ki, son kolleksiyalarında qeyri-adilikləri göstərsinlər. Təbii ki, bu da geyimi daha çox maraqlı və orijinal edir. Orijinal və fərqli görünmək üçün 2016-cı ilin bahar-yay dəbi bütün fürsətləri özündə ehtiva edir. Amma klassikanı da bəyənən insanlar təbii ki, öz zövqləri üçün maraqlı geyimlər tapa biləcəklər. Xanımlara məsləhət olaraq demək istərdim ki, keçən ildən qalan geyimləri ləğv etmək mütləq deyil. Yeni tendensiya və mövsüm gələndə, keçən ildən qalan sevdiyimiz geyimlərə yeni nəfəs vermək lazımdır. Bu işdə bir az yaradıcı olmaq kifayətdir. Geyimlərinizə yeni bir nəfəs vermək istəyirsinizsə, aksesuar və ya hər hansı bir elementdən istifadə edə bilərsiniz. Hətta, qarderobunuzda olan geyimləri qarışdıraraq da, bunu əldə etmək olar. Ona görə də, moda jurnalları, moda kanalları, fotolar, eləcə də müsahibələri izləmək lazımdır.
 
Cəvahir Səlimqızı
 

ŞƏRH YAZIN