İşçilərin motivasiyasını necə təmin edək?

0
3362
İşçilərin motivasiyasını necə təmin edək?

Hər iş yeri sahibi, idarəçi istəyər ki, işçisinin motivasiyası yüksək olsun. Əgər işçinin motivasiyası aşağıdırsa, bu onun gördüyü işin keyfiyyətinə təsirsiz ötüşməyəcəkdir. Bunun əksinə olaraq motivasiya nə qədər yüksək olarsa, işlər bir o qədər qaydasında və keyfiyyətli nəticələrlə davam edər. Bu da gəlirlərin artmasına imkan yaradar. Buna görə də iş yerlərində çalışanların əhval – ruhiyyəsinin və motivasiyalarının yüksək olması mühüm şərtdir. 

İdarəçilərin bəzi hallarda gözardı etdiyi bu məsələ çox zaman digərlərinə də təsir göstərir. Motivasiya itkisini bərpa etmək işçilər üçün zaman ala bilər. Çünki, bu vəziyyətdə çalışanlar səbrsiz, tələskən ola və özlərini daha da stress altına ata bilərlər. Bununla da, həm işdə həm də ailə həyatında problemlərlə qarşılaşa bilərlər. 
 
Motivasiyanı yüksəltmək üçün müdir kiçik addımlar atmalıdır. Hər şeydən əvvəl, idarəçi əlçatan olmalı, işçilərinin problemlərini, şikayət və təkliflərini dinləməli, onlara lazımi diqqəti göstərməlidir. Direktorun ən mühim vəzifələrindən biri işçiləri xətalar zamanı qorxutmadan, incitmədən xəbərdarlıq etmək və etdikləri səhvlərdən dərs çıxara biləcəkləri bir məkan yaratmaqdır. Bu şəkildə olsa işçinin səhv etməsi ilə düşən motivasiyası tarazlanacaqdır. 
 
Həyatda hər şeyin yeri olduğu kimi əyləncənin də yeri vardır. Qəti şəkildə işçilərinizin sıxıcı və gərgin mühitdə çalışmasına icazə verməyin. Əyləncəli bir iş məkanı işçilərin daha yüksək əhvalda olmalarını təmin edər. Bunun üçün isə işdə və ya işdən sonra şənliklər təşkil edə bilərsiniz. Bu onların stresi atmasına kömək edər və itirdikləri enerjini bərpa edərlər. Bundan başqa ofis daxilində istifadə olunan əşyalar da motivasiyaya təsir edir. Oturduqları kreslo, istifadə etdikləri masa və çox istifadə olunan əşyaların rahat olması iş keyfiyyətinə təsir edər. 
 
Xüsusilə, işçinin motivasiyasını yüksəltmək üçün ilk olaraq öz motivasiya səviyyənizi kontrol etməlisiniz. Bir lider olaraq sizin əhval və motivasiyanız yerində deyilsə, bunu işçilərə ötürə bilərsiniz. Ona görə də işdən kənarda yaşadığınız istənilən problemin sizdə yaratdığı neqativ enerjini işçilərinizdən uzaq tutun. Onlardan öz göstərdiyiniz cəhddən daha artığınız göstərməyini gözləməyin. Bu doğru olmazdı, çünki lider örnək olmalıdır. Bunu da unutmayaq…
 
 

ŞƏRH YAZIN