Hislərə dair...

0
6542
Hislərə dair...

...Böyüdük və hər şeyi anladığımızı düşündüyümüz zaman həyat bizi yerdən – yerə vurdu. O an oyandıq yuxudan və unutduq hər gün saatlarla xəyalını qurmaqdan doymadığımız arzuları... Nələri istəyərkən, hansı sürprizlərlə qarşılaşdıq. Hər keçən gün daha da təccübləndik. Məgər heç düşündüyümüz kimi deyilmiş həyat. Tam əksinə olaraq qəddar və haqsızlıqlarla dolu... Yalan, xəyanət, nankorluq, ikiüzlülük, paxıllıq, kin... 

Üzləşdikcə yalan danışan insanlarla, doğrulara olan inancımızı itirdik. Xəyanətlə qarşılaşdıq və gördüyümüz hər dürüst davranışdan belə şübhələndik. Nankorluq daha da sərtləşdirdi şəxsiyyətimizi. Ikiüzlüləri görə - görə daha görəcəyimiz nələr var deyə düşündük? Ən yaxınlarımızdan gördük paxıllığın kralını... Çəkdiyimiz əziyyətlərdən dolayı bağışlamağın və yanlışları unutmağın nə olduğunu bilməz olduq. Saxladıq kini qəlbimizdə, aylarla, illərlə sanki bizə faydası varmış kimi... Nifrətimizlə bəslədik, böyütdük içimizdə. Xəstəliklər yuvası etdik qəlbimizi. Kimlərin uğruna?
 
Sonra zərbəni yaxınlarımızdan aldıq, özü də heç unuda bilməyəcəyimiz qədər ağır, kimliyini görməyək və zərbələrinin ardı – arası kəsilməsin deyə həmişə arxadan vurdular. Doğmalarda tapmadığımız səmiyyəti başqa qəlblərdə axtardıq.  Dərman ola bilmədi doğmalar dərdimizə, başqa qəlblərdə isinək dedik, onda da digərlərinin açdığı yaralara dərman olduq. Öz yaramız isə heç sağalmadı... 
 
Problemlərdən qaçmaq istədik, amma özümüzdən qaçmağın mümkünsüz olduğunu bir az gec anladıq. Əslində tək problem düşüncəmizdə idi. Ilk onu düzəltməli idik ki, real olanları deyil, görmək istədiklərimizi görək. Daha yaxşını, daha səmimini, daha xoşbəxti... Bunu etməyin nə qədər çətin olduğunu düşündüyünüz an, etmədiyiniz təqdirdə vəziyyətin daha da ağırlaşacağı gerçəyi sizi doğru seçimə yönəldəcək: Gözləriniz yaxşını görmək üçün baxsın, qulaqlarınız doğrunu eşitmək üçün dinləsin, əlləriniz halal olana toxunsun... 
 
Hazırladı: Sevinc Məmmədkərimova
 

ŞƏRH YAZIN