Kollektivi Tanımağın Sirləri...

0
3170
Kollektivi Tanımağın Sirləri...

Əgər bir və ya bir neçə insanı, yeni olduğunuz kollektivi tanımaq istəyirsinizsə ilk zamanlarda susun. Sadəcə müşahidə aparın. Insanların çoxu qarşı tərəfdən əks reaksiya almadıqda onu daha çox öyrənmək istəyir və təsir göstərməyə çalışır. Bu təsir istənilən cür ola bilər: Deyilən sözlərə, bildirilən fikirlərə və ya verilən tapşırıqlara etirazınızı göstərməyin. Qısa zaman sonra sizi belə tanıyacaqlar və ola bilər ki, sizə sirlərini açsınlar, sizinlə dərdlərini bölüşsünlər. Amma bunun əksi də ola bilər: sizi sakit və hər şeyə göz yuman biri kimi tanısalar sizə qarşı haqsızlıqlar oluna bilər. Bununla da onlar əslində sizi tanıdıqlarını zənn edərkən, siz onların əsl simalarını görmüş olursunuz.  Təsəvvür edin: yeni kollektivə daxil olarkən hər şeyə qarışsanız, yanlış görülən işlərə etiraz etsəniz sizdən bəzi şeylər gizlədilə bilər. Ümumiyyətlə, insanların fikirlərini öyrənmək istəyirsinizsə baş verənlərə qarşı neytral olun və bir müddətlik sadəcə susun. Bununla da kimin kim olduğunu biləcəksiniz. 

Kollektivdə insanlarla ünsiyyət qurarkən, onların problemlərini ya da sevinclərini dinləyərkən hədsiz maraq göstərməyin. Çünki, bu qarşı tərəfə bir az şühbəli görünə bilər. Düşünə bilərlər ki, sizi onların həyatı ya çox maraqlandırır, ya paxıllıq edirsiz, ya da bu məlumatlar sizə həqiqətən hansısa məqsəd üçün lazımdır. Yuxarıda qeyd olunduğu kimi bir az neytral olun. Hər şey normasında olsun. Nə az nə çox...
 
Əgər bir lidersinizsə, müəyyən bir uğursuzluq zamanı kiminsə əgər səhvi varsa belə, konkret bir nəfəri hər kəsin içində günahlandırmayın. Səhvini ona başa salmaq istəyirsinizsə təklikdə, səsinizi qəti şəkildə yüksəltmədən ona sözlərlə yox, amma bir az zəhmli baxışlarla səhv etdiyini bildirin. Bunu ifadə etmək artıq sizin peşəkarlığınıza qalıb. Bunun əksi baş verən situasiyalarda da əgər hər hansı işçiniz digərlərindən çox bacarıqlı və savadlıdırsa onun bu üstünlüklərini digər işçilər yanında tərifləməyin. Yaxşı olardı ki, bu haqda ayrıca danışıq aparasınız və uyğun görsəniz stimul vermək üçün ya vəzifəsini artırasınız, ya da əmək haqqını. Onu iş yoldaşlarının yanında çox tərifləsəniz, digərlərindən üstün olduğunu göz önünə çıxarsanız kollektivdə həmin şəxsə qarşı paxıllıq və hirs yarana bilər. Çünki, seçilmişlərə münasibət həmişə birmənalı olmur. 
 
Kollektivdə insanların sizə olan real münasibətlərini bilmək istəyirsinizsə, onlara yaxın məqsədləriniz və ya böyük hədəfləriniz haqqqında qısa informasiya verin. Sizi həqiqətən də təqdir edən və uğurunuzu istəyən adam bunu yüksək qiymətləndirəcək və sizə səmimi şəkildə müvəffəqiyyət arzulayacaqdır. Başqalarında isə kinayəli və təəccüb dolu baxışlar görsəniz, vəziyyəti anlamaq sizin üçün heç də çətin olmayacaqdır. 
 
Hazırladı: Sevinc Məmmədkərimova

ŞƏRH YAZIN