Əgər işçilər həmişə yüksək motivasiyalı olsalar müvəffəqiyyət əldə etmək bir o qədər asan olar. Insanları motivə etmək, komanda yaratmağın və onun effektiv işinin əsasını təşkil edir. Kollektivin daima həvəslə çalışmasını və bu sahədə böyük uğurlar əldə etməsini istəyirsinizsə aşağıdakı məsləhətlərdən yararlana bilərsiniz:
1. Dəqiq məqsədlərin müəyyənləşdirilməsi:
Qarşıya dəqiq və aydın məqsədlər qoyulması fəaliyyətin məqsədi ilə uyğun olmalıdır. Bu motivasiyanın təməlidir. Düzgün müəyyənləşdirilmiş məqsədlər fəaliyyətin məhsuldar olmasına və daha səmərəli kollektiv işinə səbəb olur. Buna görə də istənilən anlaşılmazlıq və qərarsızlıqdan qorunmaq, eləcə də işin zamanında tamamlanması üçün komandanın qarşısına müəyyən məqsədlər qoyun. Biz bunu məqsədaydınlığı prinsipi kimi də qeyd edə bilərik.
2. Işçilərə səlahiyyət verin:
Kollektivdə hər bir üzvün özünəməxsus vəzifələri olur. Bu vəzifələr yerinə yetirildikcə komanda üzvlərinin inkişafı onların fəaliyyətinin daha səmərəli olmasına yardımçı olur. Hər şəxsin öz səlahiyyəti həm ayrı – ayrılıqda, həm də birgə həyata keçirikdə inteqrativ, kommunikativ, interaktiv bacarıqlar formalaşır. Bu səbəbdən ümumi problemləri həll etmək üçün kollektivin müzakirələrinə və problemi birgə həll etmə gücünə ehtiyac duyulur. Yəni kollektiv üzvlərinə səlahiyyət verərək onları dəstəkləməniz kariyerada uğurların artmasına yol açar.
3. Dəstəklə:
Bir qrupun arxasında duraraq ona daim dəstək vermək iş həyatında vacib olan ən önəmli qaydalardandır. Rəhbərlik həm komandaya, həm də fərdi qaydada hər kəsə yeni yanaşmaların inkişafı və təcrübədən keçirilməsi üçün imkan yaratmalıdır. Qeyd etməliyik ki, komanda üzvləri öz potensiallarını reallaşdırmaq üçün sizin dəstəyinizə ehtiyac duyur.
4. Gələcəklə bağlı pozitiv baxış yaradın:
İşçilərdə öz gələcək həyatları haqqında müsbət fikir formalaşdırmaq, onları uğurlu gələcəyə inandırmaq işin keyfiyyətlə görülməsinə səbəb olur. Onları ruhlandırmaq sadəcə bəsit söz və ifadələrlə deyil, konkret sübutlarla olmalıdır. Yəni, burada reallıq əsas götürülür. Necə ki, batmaqda olan bir şirkət işçilərinin müsbət düşüncəyə yönəlməsi bir az qəliz məsələdir... Kollektiv üzvlərini motivə edə bilmək üçün lider ilk olaraq özünün və şirkətin müvəffəqiyyətli gələcəyinə inanmalı və bunu həyata keçirə bilmək üçün əlindən gələni etməlidir.
5. Mütləq təşəkkürünüzü bildirin:
Elə bir insan yoxdur ki, başqalarının, özü və fəaliyyəti haqqında fikirlərinə biganə qalsın. Ətrafdakıların düşüncələri bir çox hallarda gizlətməyə çalışsaq da bizə çox maraqlıdır. Kollektivdə hər kəsin rəhbərlik tərəfindən qiymətləndirilməyə ehtiyacı vardır. Ona görə də işçilərə onların gördüklərin işin səmərəsi haqqında rəy bildirmək, kollektiv üzvlərinə rəhbər tərəfindən diqqət mərkəzində olduğu mesajinı verər ki, bu da əslində çox yaxşıdır. Görülən istənilən işin qiymətləndirilməsi həm motivasiya, həm də nəzarət baxımından faydalıdır. Belə ki, işçilərə təşəkkürlüyünüzü bildirərək onların nəzərdən kənarda olmadıqlarını göstərər və işçi anlayar ki, o həqiqətən vacib şəxsdir, onun işi bəyənilir.