Xoşbəxtlik doğuşdan verilən bir şans deyil!

0
8126
Xoşbəxtlik doğuşdan verilən bir şans deyil!

Xoşbəxt insanlara kənardan baxdıqda hər şeyin yolunda getdiyini və heç br problemin olmadığını zənn edərik. Əslində, vəziyyət heç də belə deyil. Xoşbəxtlik, insanlara doğuşdan verilən şans deyildir. Insan xoşbəxtliyi öz içində yarada bilsə xoşbəxt ola bilər. Bu isə bizim əlimizdədir. Həyatın dörd – dördlük olmadığı zamanlarda belə özümüzü  xoşbəxt hiss edə bilərik. Elə bu hekayədəki kimi:

Bir hökmdar amansız xəstəliyə tutulmuşdu. Ölkənin bütün həkimləri saraya gəldi, qonşu ölkələrin də həkimləri çağırıldı. Amma, xəstəliyə heç bir çarə tapılmadı. Hökmdar, hər kəsin gözü qarşısında hər gün bir az daha zəifləyib, gücdən düşürdü. Ümidsizlik içində çırpınarkən, son çarə olaraq bütün falçıların, sehirbazların saraya gətirilməsini istədi. Onun əmri tez yerinə yetirildi. Ölkədə nə qədər adı falçıya çıxmış insan varsa hamısını saraya gətirdilər. Falçılar, sehirbazlar hökmdara tək – tək baxdılar, əllərindən gələn hər şeyi etdilər, amma heç biri sağalmasına yardım edə bilmədi. 
 
Hökmdar artıq ümidini itirmişkən günün birində saraya yaşlı bir qadın gəlir. Bu qadın hökmdarın dərdinə çarə tapdığını söyləyirdi. Onu kralın yanına gətirirlər. Hökmdar yatağından belə qalxa bilməyərək güc – bəla ilə dedi: 
 
-“Söylə, qadın, nə imiş sənin çarən!”
 
Qadın bildiklərini danışmağa başladı: adamlarınız bütün ölkəni gəzəcək, ölkənin ən xoşbəxt insanını tapacaq, onun köynəyini alacaq və sizə gətirəcək. Siz də bu köynəyi geyindikdə yaxşılaşacaqsınız...
 
Hökmdar tez əmr verdi və kralın adamları axtarışa başladılar. Əvvəlcə, ən varlı insanların qapısını döydülər. Amma, hansı zənginlə danışdılarsa, onların heç də düşündükləri kimi xoşbəxt olmadıqlarını gördülər. Aralarından bir – iki nəfər ən dəyərli köynəyini verdi. Hökmdar köynəkləri geyindi, lakin, heç bir faydası olmadı. Beləcə, o köynək sahiblərinin söylədikləri kimi xoşbəxt olmadıqları ortaya çıxdı. Hökmdar hər keçən gün daha da əsəbləşirdi, çünki, adamları artıq varlı – kasıb demədən ən xoşbəxt insanı tapa bilmələri üçün bütün ölkəni addım – addım dolaşır, lakin bir nəfər belə tapmırdılar. 
 
Belə axtarışların birində hökmdarın adamları nisbətən daşları dağılıb – tökülmuş bir evin yanından keçirdilər. Su istəmək üçün yaxınlaşdıqda içəridən gələn səsi eşitdilər. Bir adam öz – özünə belə deyirdi:
 
“Necə də xoşbəxtəm, məndən yaxşısı yoxdu, qarnımı doyurdum, sabah işləyə bilmək üçün gücüm də var. Məndən xoşbəxti yoxdu...”
 
Hökmdarın adamları suyu unudub tez içəri girdilər. Bu son dərəcə yoxsul evdə bir adam yerdə oturmuş, kağız üzərinə qoyduğu pendir – çörəyin son qırıntılarını ağzına atarkən bir yandan da mahnı oxuyurdu. 
 
Hökmdarın adamları “nəhayət tapdıq” deyə həmin insana yaxınlaşdılar və yanan tək bir şamın zəif işığında adamın köynəyinin olmadığını gördülər... 
 

ŞƏRH YAZIN