Satış Üçün Yaradıcı Fikir Formalaşdırmağın Yolları

0
2287
Satış Üçün Yaradıcı Fikir Formalaşdırmağın Yolları

Yaradıcılıq, marketinq fəaliyyətləri üçün taleyüklü əhəmiyyət daşıyır. Görəsən, yaradıcı fikirlər necə ortaya çıxır? Bu da, marka satış strategiyaları üçün yaradıcı fikir formalaşdırmağın yolları! "Spiritbutton.com"da dərc edilən "How To Be More Creative?- Necə daha çox yaradıcı olmaq olar?" adlı infografik yazıda reklamçılıq və satış strategiyaları üçün yaradıcılıq ipuclarından bəhs olunur. Gəlin, bunları birlikdə kəşf edək.

Bu yazıda, yaşın çoxalması ilə yaradıcılığın azalması arasında diqqət çəkən nöqtələr vardır. Yaş artdıqca düşüncə mərhələlərimizin məntiqi yönlərinin bir qayda olaraq üstün hala gəlməsi və yaradıcı axına mane olaraq tənqidi düşünmə meylimizin artması vurğulanır. NASA"nın kosmanavtlara təlimlə bağlı bir yaradıcılıq testinin 2000 uşaqdan ibarət 5 yaşlı sınaq qrupuna tətbiq edildikdə 98%-lik bir keçid səviyyəsinin əldə edilməsi nümunə göstərilir. Beş il sonra verilən eyni testdə sadəcə 30%-lik keçid səviyyəsinin əldə edildiyi, daha beş il sonra isə bu səviyyənin 12%-ə düşməsinin müşahidə edildiyi, yeniyetmə dövründə isə həmin yeniyetmə qrupun yalnız 2%-nin testi keçdiyi vurğulanır.
Yazının bəhs etdiyi yaradıcılığı inkişaf etdirməyin 9 yolu belədir:
 
1. Fikirlərinizi qeyd edin
Bu yazıya görə, fikirlərinizi qeyd etmək üçün notbuk və yaxud hər hansı bir səs yazan cihaz daşıya bilərsiniz. Daha praktik olmasını istəyirsinizsə, smartfonlarınızdakı "səsli not" tətbiqlərindən istifadə edə bilərsiniz. Düşüncələrinizi aktiv şəkildə qeyd etmək, müşahidə qabiliyyətinizin artmasını müsbət şəkildə təsdiq edər. Bununla yanaşı, düşüncələrinizi qeyd etməyiniz, fərqli fikirlər arasında əlaqə qurmanıza və innovativ həll yollarının yaranmasına yardım edə bilər.
 
Müasir ixtiralara çevrilən birləşdirilmiş fikir nümunələri:
* Təkər +  İdman ayaqqabısı = Konki
* TV + Musiqi =  MTV
 
2. Problemi tərsinə çevirin
Sözü gedən araşdırmaya görə, tədqiqatlar yaradıcı şəxslərin çətinliklərə daima fərqli prizmalardan yanaşma meylində olduğunu göstərmişdir. Bu metodun tətbiq edilməsi, mücərrəd düşünməyi təşviq edən problemdən "psixoloji uzaqlaşma" yaratmağa kömək edir, yaradıcı mərhələdə əhəmiyyətli bir komponent vəzifəsi daşıyır. Bu yazıdan müstəqil olaraq bu yolu, ilham verən bir misalla izah edə bilərik. Məsələn, Playstation oyun seriyası "Uncharted" macərasında Nathan Drake (Natan Dreyk) adlı əsas xarakter, macəradan macəraya qaçmaq üçün davamlı hara gedəcəyinə və necə hərəkət edəcəyinə qərar vermək məcburiyyətindədir. Oyunu oynayarkən gedəcəyi yerə fərqli prizmalardan yanaşmağınız, "burdan getməlidir" deyə bir fikrə sabit qalmayıb irəliləməsinə və əslində "çox bəsit yer imiş, necə görmədim" demənizə səbəb ola bilər. Problemi medalyon kimi düşünüb, o biri üzünə çevirərək  fərqli rakurslardan yanaşmanıza ehtiyac yaranar. Problemi tərsinə çevirin və yaxud özünüzdən fərqli perespektivlərdən soruşun; böyük ehtimalla bir çox fərqli cavab alacaqsınız. Məsələn, bir uşaq bu sualı necə düşünər? Necə cavablayar?
 
Starbucks - Howard Shultz, "İtalyan espresso barını Amerikada nece yenidən qura bilərəm?" deyə soruşmaq əvəzinə "Yaxşı bir qəhvənin dadını almaq üçün rahat, sakitləşdirici bir şəraiti necə yarada bilərəm?" deyə soruşdu.
 
İnstagram - "mükəmməl bir məkan paylaşma tətbiqi necə tərtib olunar? əvəzinə daha yaxşı bir sualla gəldi: "bəsit bir şəkil paylaşma tətbiqini necə tərtib edə bilərik?"
 
3. Məhdudiyyət qoyun
Bir problem ətrafında məhdudiyyət yaratmaq çox zaman yaradıcılığa səbəb ola bilər. Dr.Seuss, 50 sözdən az olan bir hekayə yaza bilməməsinə görə mərc etdikdən sonra Green Eggs & Ham"ı yazdı. Bir işin təbiətini məhdudlaşdırmaq, ən yaradıcı cəhətinizi ortaya çıxara bilər.
 
"Bir problemi həll etmək üçün bir saatım olsaydı, 55 dəqiqəni problemi düşünər, 5 dəqiqəni də həll yollarını düşünməyə sərf edərdim." - Enşteyn.
 
1907-ci ildə asma xəstəsi olan bina işçisi James Murray Spangler, tozsuz bir elektrikli süpürgə axtardı. Məhdud imkanlarla vintilyator, sabun qutusu, yastıq üzü və süpürgə sapından bir makina hazırladı.
 
4. Haqqında bir gecə düşünüb yatın
Tədqiqatlar, illərdir bir çox yaradıcı şəxsin deyimini təsdiq edərək bir problemi düşünüb yatmağın yaradıcılığı artırdığına işarə edir. Elm adamları, yuxu əsnasında az səviyyədə olan stersin, insanların şüuraltındakı məlumatı əldə etməsinə və əlaqələndirməsinə icazə verməkdə rol oynadığını irəli sürürlər.
 
Yazıya görə, yeni bir araşdırma, araşdırmada iştirak edənlərin yaradıcılığında yuxudan oyandıqdan dərhal sonra 30%-lik bir artım olduğu təsdiq etdi.
 
"Ən yaxşı fikirlərimin hamısı röyalarımda gəlir." Salvador Dali.
 
Nike və Google kimi dünyadakı ən yenilikçi şirkətlərin bəziləri iş yerində mürgüləməyi təşviq edirlər. Bununla bərabər məşhur Beatles qrupunun üzvü Paul McCartneyin "Yesterday" mahnısının melodiyasının röyasında gəldiyini deməsi də misal verilə bilər. 17 Mart Dünya Yuxu Günü olduğuna görə istəsəniz bu gün, bir az özünüzə yaradıcılıq üçün yatmağa vaxt ayıra bilərsiniz.
 
5. Gəzintiyə çıxın
Əsrlər boyu, yazıçılar və sənətçilər gəzinti əsnasında ən yaxşı fikirlərini inkişaf etdirdiklərini bildirdilər. Bu gün son tədqiqatlar, qaçış trenajorunda addımlamanın da, həm hərəkət edərkən, həm də qısa müddət sonra yeni fikir yaratmağı əhəmiyyətli ölçüdə inkişaf etdirə biləcəyini göstərmişdir. Qan dövranının sürətlənməsi ilə beyin axını və zehnin sərbəst fəaliyyət göstərməsində gəzintinin təsirli olduğu düşünülür. Burada, "Beyninə qan getsin" sözünü xatırlayaq.
 
"Yalnız, yeriyərkən ağla gələnlər həqiqətən, böyük düşüncələrdir." Nitşe.
 
Bəzi təxminlərə görə, William Wordsworth beş il müddətində gündə orta hesabla 6.5 mil (10.465 km) sürətlə 180.000 mil (289.800 km) məsafə qət etdi. 1941-ci ildə İsveçrəli mühəndis George de Mestral meşədə bir gəzinti zamanı paltarına və köpəyinin tüklərinə yapışanları müşahidə edərək qarmaq və halqa lenti- (cırt-cırt) Velcronu ixtira etdi.
 
Qısa müddət əvvəl, Elon Musk, "Tesla" fikrinin gəzinti zamanı ağlına gəldiyini söylədi. Stanfordda aparılan bir araşdırmada, iştirakçıların gəzintidən sonra yaradıcı fəaliyyətlərində 60%-lik bir artım yarandığı bildirildi.
 
6. Qərarlı olmaq
Patent qeydlərinə dair aparılan tarixi tədqiqatlar, ümumi məhsuldarlığın elm və texnologiya sahəsində atılan radikal addımlarla əlaqədar olduğunu göstərmişdir. Bir markanın və ya sənət əsərinin qalıcı olması üçün vaz keçməmək və hər dəfə fərqli fikirləri sınaqdan keçirmək lazımdır. Vincent van Qoqun hər gün rəsm çəkdiyi üçün böyük rəssam olduğu deyilir. Pabllo Pikasso, ömründə 50 mindən çox əsər verdi, ancaq bu əsərlərin yalnız bir hissəsi şah əsər kimi səciyyələndirildi. Nə qədər çox fikirlə gəlsəniz, sonda bir şah əsər yaratmaq şansınız da o qədər yüksək olar.
 
7. Bütün fikirləri əhatə edin
Dünyadakı ən məşhur fikir, ixtira və şüarların çoxu ehtimal edilməyən, improvizasiya və bəzən təsadüfən yaradılan mənbələrdən gəlmişdir. Məşhur Nike şüarı, 1976-cı ildə Utahda iki şəxsi öldürdüyünə görə ölüm cəzasına məhkum edilən qatil Gary Gilmoredan gəldi. Gilmoredan son istəyini soruşdular. Nəticə "Just do it. ". "Post it note" isə işə yaramayan yapışqanlı kağız kimi atılan bir fikirdən yarandı.
 
8. Rahat olun
Rahat bir zehin, yaradıcı biliklər üçün taleyüklü əhəmiyyət kəsb edir. Zehinlərimiz rahat olduqda, niyyətimizi daxilimizə aparmaq və şüuraltımızda ortaya çıxan uzaq düşüncələr arasında əlaqələr qurmaq da mümkün olur. Bunun üçün lazım olan maddə isə dopamindir. Beyin hüceyrələrinin ifraz etdiyi dopamin nə qədər çox olsa bir o qədər yaradıcı olarıq. Yaxın vaxtda aparılan bir araşdırma, dünyanın dörd bir tərəfindən araşdırmada iştirak edənlərin 72%-nin duş alarkən yeni bir fikir sahibi olduğu bildirilir.
 
9. İlham axtarın
Spontanlıq, improvizasiya və yaxşı şans yaradıcılığın qəlbindədir. Uğur şansınızı artırmaq üçün özünüzü daima yeni sınaqlar, fikirlər və düşünmə yollarına sövq edin, yeni perespektivlər yaratmağa hazır olun. Bu yazıda, bu yol üçün ayrıca, Nyutonun alma hekayəsi və patent sahiblərinin 50%-nin ixtiralarını təsadüfi hadisələrlə reallaşdırdıqları bildirilir.
 
 

ŞƏRH YAZIN