Rəqabətin bilmədiyimiz tərəfləri...

0
3340
Rəqabətin bilmədiyimiz tərəfləri...

Rəqabət aparmaq istəyi həyatımızın bir hissəsidir. Bunsuz çətin ki, müvəffəqiyyət və uğur qazana bilək. Həyatda kiminləsə rəqabətə girə bilmək əslində bizdə çox güclü mübarizə əzminin olduğunu  göstərir. Kimlərdənsə üstün olmaq, bacarığımızla başqalarını arxada qoymaq, ard – arda uğurlar qazanmaq insanın ödənilməsi məmnunluq  gətirəcək, onu  keyfiyyətli ömür sürməyə motivə edəcək əsas təlabatlarındandır. Bu hiss insanın həqiqətən güclü iradəli olduğunun göstəricisidir. Rəqabət bizi fəaliyyətə təhrik edir, elə bir fəaliyyət ki, içimizdə mübarizə yanğısı alışıb – yanır, irəli getmək istəyirik, istəklərimizə çatırıq və həyat məmnuniyyətimizi yüksəldirik. Əgər insan daxili aləmində mübarizə əzmini az da olsa hiss etmirsə demək uğur və müvəffəqiyyətlə arasına bir sədd çəkmiş olur. Məntiqlə düşünsək görərik ki, əslində rəqabət aparmaq  insan üçün həqiqətən faydalıdır. Bu rəqabət aşkar şəkildə olduqda bəzən tərəflər arasında nifaq sala bilir. Onlar bir – birindən öndə olmağa çalışır, daim mübarizə aparır və s. Amma əsas olan budur ki, rəqabət zamanı öz düzgünlüyünüzü, ləyaqətinizi, şəxsiyyətinizi zədələməyəsiniz. Kiminsə ayağının altını qazmaq, yoluna daş qoymaq, ona tələ qurmaq hesabına etmək yox, sağlam şəkildə rəqabət aparasınız. Əks halda insan qazandığı uğurdan həzz  ala bilməz. Əgər rəqiblərimiz  nə qədər  çoxdursa bu bizim  bir o qədər  güclü və uğurlu şəxs olduğumuzu göstərir, kimlərsə bizi ciddi qəbul edir, bizi özündən bacarıqlı hesab edir və ona görə də bizdən önə keçməyə çalışır...  

Amma onu da nəzərə alaq ki, bu hiss bəzən insana əziyyət verir, o halda ki, qarşı tərəf bizdən üstün olmağı bacarsın. Belə olan halda necə ki, o bizim fəaliyyətimizdən stimul alır və çalışır, biz də eyni şəkildə onun uğurundan stimul almalı və daha güclü bir şəkildə, yorulmadan, əzmlə mübarizə aparmalıyıq. 

Məxfi tövsiyələr: Belə hesab edirəm ki, daxili rəqabət insana daha çox psixoloji güc verir. Qarşıdakı insan əslində onunla rəqabət halında olduğunu bilmir. Amma siz yavaş – yavaş və inamlı addımlarla öz məqsədinizə doğru irəliləyirsiniz. Belə olduqda rəqib tərəf sizin düşüncələrinizi, nəyə doğru addımladığınızı bilmir. Beləliklə də, sizi ya məqsədsiz, ya da zəif rəqib kimi, hətta bəlkə də ümumiyyətlə rəqib olaraq görmür. Siz sadəcə səssiz olun. Heç kimə söyləmədən öz məqsədinizə doğru addımlayın. Maneələr çıxarkən qarşınıza ən yaxınınıza belə bu haqda deməməyi məsləhət görərdim. Çünki, o halda sizin zəif tərəflərini görüb məhz həmin nöqtədən sizə zərər verməyə çalışarlar. Bir də baxarsınız ki, çıxdığınız o qədər pilləni bircə anda enmisiniz, özü də əvvəlkindən də lap aşağı pillələrdəsiniz...  
 

ŞƏRH YAZIN