Xoşbəxtliyin açarı sayılan doqquz qayda

0
4341
Xoşbəxtliyin açarı sayılan doqquz qayda

1. Özündən məmnun olmayan insan həyatdan məmnun ola bilməz.

Özünüzdən, öz davranışınızdan və hərəkətlərinizdən məmnun deyilsinizsə, həmişə ümumi narahatlıqdan əziyyət çəkməli olacaqsız. Özündən məmnun insan sakitdir, özünü daxilən azad hiss edir və gerçəkdən arzuladığı hər şeyə nail ola bilər. Özünüzü daxilən azad hiss etmirsinizsə, bu, sizin yüksəlişinizə ciddi əngəl olacaq. Hətta yüksəliş yollarını düzgün müəyyən etsəniz belə, daxili azadlığın olmaması irəliləyiş yolunda müqavimətə çevriləcək. Azad olmağı bacarmalısınız. Başqalarından bəyəni gözləməyin. Bəyənini öz içinizdə axtarın. Bu daxili səddi aşın və özünüzə sahib çıxın. Elə də asan məsələ deyil, öhdəsindən gəlmək bir xeyli zaman çəkə bilər, odur ki, ruhdan düşməyin. 

 
2. Yaş yalnız sizin şüurunuzdadır. Əgər onun haqda düşünmürsünüzsə, deməli, mövcud deyil.
 
Bir çox sədlər məhz şüurumuzdadır. Bizə elə gəlir ki, hansısa işlə məşğul olmaq üçün yaşımız ötüb, bu iş daha bizlik deyil, bundan sonra dəyişə bilmərik. İnamla deyə bilərəm, həyatda elə bir vəziyyət çətin mümkün olsun ki, ürəyinizə yatan bir işlə məşğuliyyət üçün artıq gecikmiş olasınız. 
 
3. Gülüş – insana məxsus olan ən güclü silahdır; heç kim incə yumor həmləsinə duruş gətirə bilməz.
 
Yumor istənilən ciddi vəziyyəti gülüş üçün zəminə çevirə bilir. Gülüş xoş ovqatın rəhnidir. Ovqat yaxşı olanda işləmək də asan olur, çünki gülüş mənfi emosiyaları beyindən sıxıb çıxarır, müsbət yüklü beyin bədəndə yeni güc axını yaradır. Ovqatı xoş insan istənilən problemin həllinə daha yaxındır, nəinki ovqatı təlx biri. 
 
4. Qəzəb – içində saxlandığı qabı aşındıran turşu kimidir. O, saxlandığı qaba töküldüyü qabdan daha çox zərər yetirir.
 
Qəzəb ilk növbədə bətnində yuva saldığı şəxs üçün dağıdıcı, ən azından isə faydasızdır. Qəzəbli olarkən siz vəziyyət üzərində nəzarəti asanlıqla itirirsiniz və bir çox səhv hərəkətlər, o cümlədən, cinayətlər məhz qəzəbli vəziyyətdə törədilir. Birinə qarşı daimi qəzəbiniz varsa, anlamalısınız ki, bununla həmin adama deyil, elə özünüzə zərər yetirirsiniz. Ola bilsin, həmin adamın sizin qəzəbinizdən heç xəbəri yoxdur. İndi baxın, belə qəzəb onamı, yoxsa sizin özünüzəmi daha çox ziyn verir? Qəzəb duyduğunuz adam vaz keçiləcək biri deyilsə, arada olan münaqişəni qaldırmaq üçün ilk addımı ondan gözləməyin, bunu heç tərəddüdsüz özünüz edin. Buna görə heç vaxt peşmançılıq duymayacaqsınız, çünki bilirsiz, bu addımı məhz öz əsəblərinizi xilas etmək üçün atmısız. Gərəksiz qəzəbdən uzaq olmağı bacarmaq özü bir məsudluqdur. 
 
5. Sanmayın ki, dünya sizə nədəsə borcludur. Dünyanın sizə heç bir borcu yoxdur. O, sizdən əvvəl də mövcud idi.
 
Uşaqkən bizə lazım olan çox şeyi valideynlər təmin etdiyindən, bəzi adamlar yetkinlik yaşına çatdıqdan sonra da şüuraltı olaraq uşaqlıq gözləntilərini bir növ saxlayırlar. Onlara elə gəlir ki, ətrafdakılar onlar üçün nələrisə etməlidir. Bunun üçün özlərindən səbəblər də düşünüb tapırlar. Sanki hər nə istəsələr dünya bunu onlara verməyə borcludur. Gözləntiləri doğrulmadıqda kimdəsə günah axtarır, küsür, depressiyaya düşürlər. Birdəfəlik qəbul etmək lazımdır ki, dünyada bir çox şeylər bizə aydın olmayan qaydalarla cərəyan edir. Əgər görürsüzsə ki, nəsə siz istəyən kimi getmir, bunda kimisə günahlandırmağa gərək yoxdur. Çalışın, arzu etdiyiniz şeylərə öz əzminizlə nail olasınız. Dünya indiyədək çox ədalətsizliklərə şahiddir, hesab etməyin ki, ən dəhşətli ədalətsizlik belə onun sonu ola bilər. 
 
6. Yeni ideyalarla ortaya çıxan insanı bu ideyalar uğur qazanmayınca əcaib sayırlar.
 
Yeniliklər həmişə qorxuducudur. İnsanların yeni ideyalara göstərdiyi reaksiya sizi və ya sizin ideyalarınızı deyil, həmin adamların özlərini səciyyyə edir. Bu, onların daxili hisləridir. Bu hislər insanların sözlərində, hərəkətlərində və mühakimələrində ifadə olunur. Hətta ən qorxunc vəziyyətdə də onlar sizi gec-tez rahat buraxacaq və öz işlərinin başına qayıdacaqlar. Buna görə, vahiməyə düşməyin və lazım bildiyiniz işi görməkdən çəkinməyin. Bir çox görkəmli adamlar və yenilikçilər təcrid edildikdən xeyli sonra öz istəklərinə nail olmuş, layiq olduqları dəyəri qazanmışlar. 
 
7. Pessimizm – zəif əsəbli adamların müdriklik kimi başa düşdüyü sözcükdən başqa bir şey deyildir.
 
Sizin fərdi dünyanız diqqətinizin nələr üzərində cəmlənməsindən xeyli asılıdır. Siz problemlər içində itib-bata və özünüzü öz gözünüzdə əzabkeş və ya qurban kimi görə bilərsiniz. Amma diqqətinizi pozitiv şeylərə cəmləməklə qısa zamanda həyatınızın yaxşıya doğru dəyişdiyini hiss edəcəksiniz. Qeyri-iradi olaraq diqqətinizi problemlərə cəmləməklə siz yaxşıya doğru yolunuzu özünüz qapadırsıniz. Problemlər barədə düşüncələri bir az qovun ki, qəlbinizdə fərəh üçün yer açılsın. 
 
8. Öz ruhunu yüksəltməyin ən yaxşı yolu başqasının ruhunu yüksəltməkdir.
Çətinliyə düşmüş bir insana, hətta tanımadığınız biri olsa belə, imkan daxilində kömək göstərdikdə ruhunuz mütləq yüksələcək. İnsanın özünü xilaskar kimi görməsi fərəh doğurmaya bilməz. Eyni zamanda, yardım etdiyiniz adam da əvəzində sizə və ya başqa birinə yardım etməyə çalışacaq. Beləcə, şəfqət hissi getdikcə daha çox adamı bürüyəcək.
 
9. İyirmi il sonra siz etdiklərinizdən daha çox, etmədiklərinizə görə təəssüf çəkəcəksiniz. 
Buna görə, yelkənləri qaldırın və sakit limanı tərk edin. Yelkənləriniz üçün səmt küləyi seçin. Axtarın. Xəyallar qurun. Kəşflər edin.
 

ŞƏRH YAZIN