Əfsanəvi Lider-Nelson Mandela

0
2541
Əfsanəvi Lider-Nelson Mandela

Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti olan Nelson Mandela aparteid (irqi ayrı-seçkiliyin ən kəskin forması) əleyhinə apardığı mübarizəyə görə 27 il həbsxanada yatıb. Həbsdə olduğu müddətdə əvvəl anası, sonra oğlunu itən Nelson Mandelaya onların dəfnində iştirak etməsinə də icazə verilmədi. 90-cı ildə hakimiyyətdə olan prezidentin Afrika Milli Konqresinə qoyulan qadağanı ləğv etməsiylə Mandela da azadlığına qovuşur. Beləliklə də, Cənubi Afrikada yeni, çoxirqli demokratiyanın yaradılmasına başlandı.

1993-cü ilin dekabr ayında Mandelaya Nobel Sülh Mükafatına layiq görülür. Beş ay bundan sonra, Cənubi Afrikanın tarixində ilk dəfə olaraq bütün irqlər demokratik seçkilərdə iştirak edir və cənab Mandela prezident seçilir. Əfsanəvi liderin həyatdan öyrəndikləri isə, bunlardır:
 
"Mənim ölkəmdə adamı birinci həbsxanaya göndərirlər, sonra prezident seçirlər.
Əmin oldum ki, cəsarət qorxunun olmamağı deyil, ona qalib gəlməkdir. İgid insan – qorxu hissi olmayan yox, onunla mübarizə aparandır.
 
Afrika musiqisinin möcüzəvi gözəlliyi ondadır ki, o kədərli əhvalatı belə sənə şən təqdim edir. Sən kasıb ola, qutulardan qurulan evdə yaşaya, işini itirə bilərsən, bax, onda bircə bu musiqi sənə ümid verər.
 
Cəmiyyəti dəyişmək elə də çətin deyil. Çətini özünü dəyişməkdir.
Həbsxanada keçirdiyim 27 ilə minnətdaram, çünki mənə fikrimi cəmləməyə imkan yaratdı. Azadlığa çıxandan mən bu imkanı itirmişəm.
 
Azadlıq “qismən” ola bilməz.
Həbsxanada zibillikdə işləməyi sevirdim. Hərdən ordan qəzet səhifələri tapırdım. Həbsxanaya qəzet göndərmirdilər, ona görə mən də o səhifələri təmizləyir, axşam otağımda oxuyurdum. Nə vaxtsa mətbuatı bu qədər qiymətləndirəcəyim ağlıma gəlməzdi.
 
Çətinliklər və səfalət bəzilərini məhv etsə də, başqalarını yaradır.
İnsan doğulanda ürəyində kiməsə rənginə, irsinə və dininə görə nifrətlə doğulmur. İnsanlar nifrət etməyi sonradan öyrənirlər, ona görə də həmin adamlara sevməyi öyrətmək lazımdır, çünki sevgi insan qəlbinə daha doğma hissdir.
 
Biz vaxtdan ağılla istifadə etməliyik və bilməliyik ki, doğru bildiyimiz işə istənilən vaxt başlamaq olar, heç nə üçün gec deyil.
İnsanla başa düşdüyü dildə danışanda, sən onun beyni ilə danışırsan. Öz dilində danışanda, sən onun ürəyi ilə danışırsan.
 
Heç vaxt yıxılmamaq – həyatındakı ən böyük uğur deyil. Əsas olan hər dəfə yıxılanda qalxmaqdır.
Dünən mənə terrorist deyirdilər, amma həbsxanadan çıxandan sonra çoxları, o cümlədən düşmənlərim də məni qəbul eləməyə məcbur oldular. Ümumiyyətlə, azadlıq uğrunda vuruşanların çoxunu terrorist adlandırırlar. Məncə, kiminsə kimisə terrorizmdə ittiham etməyi hansı tərəfin qalib gəlməyindən asılıdır.
 
Bir nəfər mənim haqda belə demişdi: “Doğulanda adı Polixlaxla (“əsən ağaclar” mənasını verir) idi, sonra o, Nelson Mandela oldu və dünyanı sarsıtdı”. Mənim bu cür təqdimatlardan xoşum gəlmir. İstəyirəm ki, hamı məni Mandela kimi tanısın, hamı kimi zəif cəhətləri olan Mandela.
 
Ən diqqətsiz insana belə məlumdur ki, ABŞ dünya üçün təhlükədir.
Unuda bilmərəm, amma bağışlaya bilərəm.
 
Müntəzəm tibbi müayinədən keçməyi sevirəm. Çox vaxt da həkimlərdən bu sözü eşidirəm: “Cənab Mandela, bu həftə də ölməyəcəksiniz!”"
 

ŞƏRH YAZIN